Şrift:
Rasim Musabəylinin İranla və Türkiyədə son olaylarla bağlı Müsahibəsi…
17.05.2013 [10:51] - Müsahibə
Milli Məclisin millət vəkili politoloq (siyasətçi) Rasim Musabəylinin müsahibəsini olduğu kimi təqdim edirik.


- Rasim müəllim, sizcə, Türkiyədə baş verən son terror aktını kim törədib?


- Nəzərə almaq lazımdır ki, həmin bölgədə vaxtı ilə NATO-nun xüsusi qurğuları yerləşdirilib. Türkiyənin NATO-dakı müttəfiqləri bu olayı pisləyib. Hər halda Türkiyəyə hansısa zərbələrin vurulması riskləri aşağı səviyyədədir. Ancaq təxribatlar, partlayışlar mümkündür. Hesab edirəm ki, bir xeyli səylər göstərilməlidir ki, bu risklər aradan qaldırılsın.


- Türkiyəni müharibəyə sövq etmək istəyirlər?


- Ola bilər. Mən bunu istisna etmirəm. Bir çox ölkələr üçün İranla Türkiyənin Suriya uğrunda bir-biri ilə vuruşaraq gücdən düşməsi heç də pis ssenari deyil. Ancaq Türkiyənin rəhbərliyi kifayət qədər təcrübəlidir və zənn etmirəm ki, belə bir tələyə düşəcək. Əlbəttə, Suriyadan təxribat xarakterli (mahiyyətli) hərəkətlər də var. Amma səbrli olmaq lazımdır və burada söhbət dövlət siyasətindən gedir. Fikrimcə, heç bir halda Türkiyə Suriyada müharibəyə girməyəcək.


- Suriya böhranının həllini necə görürsünüz?


- Mən bu böhranın həllini görmürəm. Qənaətimcə, Suriya Livana (Lübnan) çevrilmək istiqamətində irəliləyəcək. Başqa sözlə, bu dövlətin parçalanması daha real görünür. Əslində isə bu ən pis ssenaridir.


- Azərbaycan-İran münasibətləri, ölkəmizdən İrana gedən insanların həbsini necə izah etmək olar?


- Əlbəttə, bunların hamısı təzyiqlərdir. Baxın, İran tərəfinin bu cür addımları nə zaman baş verib? Azərbaycanda İrana casusluqda ittiham olunan şəxslərin məhkəməsinin başladığı bir vaxtda. Lakin fərq bundan ibarətdir ki, biz İranın xeyrinə casusluq edən, terrorda iştirakı ehtimal olunan öz vətəndaşlarımızı məhkəməyə veririk, İran isə bizim vətəndaşlarımızı həbs edir. Fikrimcə, İran tərəfinin bu hərəkətlərinə ən yaxşı cavab burada yaramaz fəaliyyətlə məşğul olan İran vətəndaşlarını tutub içəri salmaq olardı. Bu zaman bəlkə, İran rəhbərliyi anlayar ki, onların bu cür davranışı heç bir çərçivəyə sığmır. Aydındır, bu da arzulanan ssenari deyil və münasibətlərə əlavə gərginlik gətirə bilər. Hələlik diplomatik kanallar vasitəsi ilə İran rəhbərliyini inandırmaq lazımdır ki, vəziyyəti tam gərginləşdirməyə dəyməz.


- İran dünya birliyi tərəfindən təklənib, iqtisadi sanksiyalarla (təhrimlər) üz-üzədir. Bu halda nədən Azərbaycanla münasibətləri gərginləşdirir?


- İranın həm də iddiaları var. Onlar Azərbaycanla yuxarıdan aşağı danışmaq niyyətindədirlər. Bu isə heç vaxt qəbul olunmayacaq. Baxmayaraq ki, rəsmi Bakı daima çalışır ki, bu münasibətlər kritik (böhranlı) həddə çıxmasın və pozulmasın. Hiss edilir ki, hələlik İran rəhbərliyi Azərbaycanla bağlı siyasətində korrektə (islah) etməyə hazır deyil. İran bizim qonşumuzdur, böyük dövlətdir. İran hazırda ziyalı bir xanımı həbs edib, bundan öncə iki gənc şairimizi həbs etmişdi. İranın məqsədi odur ki, bütün münasibətləri kəsək. Ancaq nəzərə alın ki, İrandan bura cürbəcür müctehidlər və dini şəxslər gəlir. Onların da Azərbaycana ayaq basmaq imkanlarının olmayacağını İran anlamalıdır. Düşünürəm ki, hazırda yaşananlar və insanların həbsi ikitərəfli münasibətlərə xeyir verməyəcək. Odur ki, bu mənasız addımlardan imtina etmək ən doğru yoldur.


- Belə iddialar var ki, Azərbaycanla İran arasında mövcud olan bu münasibətlər daimi olacaq, çünki İranda 30 milyon azərbaycanlı gözlərini, ümidlərini Azərbaycan dövlətinə dikiblər...


- İranda az da olsa demokratik dəyişikliklər baş verərsə, heç bir İran rəhbəri orada yaşayan azərbaycanlıların iradəsinə zidd olaraq Azərbaycan dövləti ilə bu cür münasibətləri davam etdirə bilməz. Bu gün İran rəhbərləri gedib Ermənistana qucaq açdıqdan sonra gəlib bizim siyasətimizə istiqamət vermək istəyirlərsə, bunun qeyri-mümkün olduğunu da anlamalıdırlar. İranda da çoxlu sayda insanlar bu siyasətin düzgün olmadığını çox yaxşı bilirlər. Həm də İran demokratikləşsə, dövlət indiki ideoloji müstəvidən çıxsa, bizim Türkiyə ilə gözəl münasibətlərimiz olduğu kimi, İranla da xoş və qardaş münasibətlər yarana bilər.


- İyunun 14-də İranda prezident seçkiləri keçiriləcək. Bu seçkilər İranın demokratikləşməsi yönündə addım ola bilərmi?


- Mən bunu gözləmirəm. Orada mübarizə daha çox mühafizəkarların iki qanadı arasında gedir. Hələlik seçkilərdə ayrı qüvvələr gözə dəymir.


- Dağlıq Qarabağla bağlı danışıqlar prosesində irəliləyiş gözlənilirmi, yəni ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimr Putinin görüşü bu münaqişənin həllinə təkan verə bilərmi?


- Dağlıq Qarabağ münaqişəsinə dair dəfələrlə ciddi qərarlar qəbul edilib. Prezident Yeltsin dövründə də belə bir hal olmuşdu. Yeltsin prezident Buşla görüşərək demişdi ki, bəli, bu məsələnin həlli yetişib. Amma görürsünüz ki, bu münaqişə həll olunmamış qalır. Buna səbəb odur ki, hamı ermənilərə mükafat vermək istəyir. Başqa sözlə, istəyirlər ki, Ermənistan bu konfliktdən əli boş çıxmasın. Azərbaycan buna zəif olduğu dövrlərdə belə razılıq verməyib. İndi isə bu güzəşti Azərbaycandan qoparmaq qeyri mümkündür. Ermənistanın ağır iqtisadi vəziyyətini, habelə Azərbaycana bilavasitə təzyiq etmək şansının olmadığını nəzərə alaraq ermənilər iştahalarını məhdudlaşdırmalıdır. Əks təqdirdə irəliləyiş haqda danışmaq tezdir.


- Konfliktin həlli üçün Amerika ilə Rusiya razılaşmalıdır, yoxsa Azərbaycanla Ermənistan?


- Ermənistan asılı dövlətdir. Rusiya və Amerika müəyyən razılıq əldə etsə ermənilərin qaçacaq yeri olmayacaq. Lakin bu günə qədər tərəflər bizdən əlavə güzəştlər qoparmaq niyyətində olublar. Amma Azərbaycana təzyiqlər etmək və güzəşt qoparmaq üçün əllərində heç bir imkan yoxdur. Biz gedib nə bir dövlətdən pul istəyirik, nə də əlavə torpaq iddialarımız var. Ermənistan isə həm gedib ayrı-ayrı dövlətlərdən pul istəyir, həm də qonşu dövlətlərə ərazi iddiası irəli sürür. Bu məsələdə Azərbaycanla bağlı istisnalar olmamalıdır. Baxın, Rusiya gedib Gürcüstanın ərazisini işğal edib. ABŞ isə Gürcüstanın ərazi bütövlüyünü müdafiə edir. Eləcə də, Moldovanın ərazi bütövlüyünə ciddi dəstək verilir. Bizim ABŞ-dan eyni dəstəyi gözləməyə haqqımız çatır.


- ABŞ Gürcüstan və Moldovaya verdiyi dəstəyi Azərbaycana vermirmi?


- Vermir.


- Niyə?


- Çünki ABŞ-da ciddi və güclü erməni lobbisi var.


- Erməni lobbisi ABŞ dövlət siyasətinə, onun regional (bölgəsəl) maraqlarına o qədər sirayət edə bilirmi?


- Bizim ABŞ üçün o dərəcədə əhəmiyyətimiz yoxdur ki, erməni lobbisini neytrallaşdırsın (xunsa etsin). Ancaq üç həmsədr ölkənin mövqeyinə diqqətlə baxanda görürük ki, Azərbaycan üçün ən məqbul mövqe ABŞ-ındır.

Nemət
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed