Şrift:
48 saatda 7 nəfər yol qəzalarının qurbanı oldu – Zəncan caddələrində
17.09.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda ən çox faciəli yol qəzalarının baş verdiyi bölgələrdən biri də Zəncan vilayətidir. Bu qəzaların əksəriyyəti yolların qeyri-standard vəziyyətdə olması və maşınların köhnə olması ilə əlaqəlidir.
Son məlumata görə, Zəncan caddələrində 48 saat ərzində 7 nəfər yol qəzalarının qurbanı olub. 2-ci gün (seşənbə günü) bu barədə danışan Zəncan Vilayəti Yol Polisinin rəisi hadisələrin təfərrüatı barədə məlumat verib.

Polkovnik (sərhəng) Əliəsğər Şirməhəmmədi bildirib ki, “Birinci hadisə bazar günü yerli vaxtla saat 2 radələrində Zəncan –Qəzvin yolunda baş verib. Minik maşını ilə bir yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Eyni gündə saat 14 radələrində bir yük maşınının Nissan və Peykan-vanet markalı maşınları ilə toqquşması nəticəsində daha bir faciəli yol qəzasına şahid olduq. Zəncan-Qəzvin caddəsində baş verən qəzada 1 nəfər həlak olub.

1-ci gün isə Zəncan-xürrəmdərə yolunda bir yekləyici (loder) ehtiyatsızlıq nəticəsində aşıb. Bu hadisədə sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Həmin gün saat 21 radələrində iki motosiklet bir-biri ilə toqquşub. Zəncan-Mahnişan yolunda baş verən qəzada hər iki motosikletin sürücüsü həlak olub.

2-ci gün də hadisəsiz ötüşməyib. Səhər vaxtı Zəncan-Bicar yolunda bir Traktor yoldan çıxaraq aşıb, bu hadisədə Traktorun sərnişini ölüb.”

Xatırladaq ki, ötən cümə günü də Zəncan yollarında baş verən yol qəzaları 6 nəfərin ölümü və 24 nəfərin yaralanması ilə nəticələnmişdir.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed