Şrift:
İllərin dalınca yeni il gəlir
18.12.2017 [09:24] - Gündəm, DAVAMın yazıları
İli başa vurmaq oğul istəyir,

Demə ki,az qalıb növbəti ilə.

Hər günün hökmü var,kəraməti var,

Hər gün ömürdəndir sürəti ilə.

***

Çox deyim,qışqırım , ay.. məndən olmaz,

Əjdaha kimdir ki mən olan yerdə.

Sən kimsən, ay yazıq, göydən baxan var,

Bu sözü ağlına gətirmə bir də.

***

Yeni il- yeni gün, yeni həyatdır,

Yeni il- "Mən varam", yəni həyatdır.

Yeni il-arzudur, balalar üçün,

Yeni il-uçmağa qoldur, qanaddır.

***

Yeni il-illərə bir hesabatdır,

Gördüyün işləri sadala bir-bir.

Yeni il -kiminsə bəxtəvərliyi,

Yeni il - heç kəsə bilinməyən sirr.

***

Heç kəs deyə bilməz- bu gün də keçdi,

Bu günün xəbəri sabah bilinir.

Həyat-həyat boyu bir keşməkeşli

Tale oyunudur heç vaxt silinmir.

***

Heç kəs yaza bilməz mən yazanları,

Mənim yazdıqlarım-mənim sözümdür.

Gözünün nurunu itirən adam

Mənim anlamımda mənim gözümdür.

***

Babamın atama məktublarında

"Nuri-didəm" idi əvvəlki sözü.

Daha məktub da yox,o söz də yoxdur,

Mobil telefondur məktubun özü,

***

Mən günü saymağa daha arifəm,

İlləri saymağın vaxtı keçibdir.

İndi günləri də saymaq bir bəla,

Deyəsən, bəxtin də baxtı keçibdir.

***

Ocağın sönməyi,odun keçməyi--

Nəslin fəlakəti,günün qürubu...

Gün keçir,sabahı yeni gün gəlir.

Qəmlənmə,bax həyat,dostum, budur bu.

***

Ehey!...Qüssələnmə, yeni il gəlir,

Demə ki,yeni il çox qəfil gəlir.

Tarixin ən düzgün hesabıdır bu,

Həyatın illəri ilbəil gəlir.

***

Hesabat başlayır, il hesabatı,

Sözdür də deyirik - dil hesabatı...

Hamının hesabı və hesabatı

Vallah ola bilmir FİL HESABATI.

***

Gəlin dərdən, qəmdən lap uzaq olaq,

Hər işdə,əməldə üzü ağ olaq.

Əbədi olmayan həyat yoxsa da,

Dünya öz yerində, biz də sağ olaq...





Nazim NƏSRƏDDİNOV.

Bakı, 18.12.2017.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed