Şrift:
Solma, gülüm, solma...
10.03.2018 [10:43] - Gündəm, DAVAMın yazıları
(sərbəst vəznli şeir)

Solma, gülüm, solma,
Hələ təzə açmısan,
Qönçələrin, yarpağın
Hələ tərdi, tazədi.
Solma, gülüm, solma,
Sən solarsan, quraqlıq
Vurar məni, bürkü tək,
Bu qəlbimi, könlümü
Axı sənə açmışam mən,
Səndən öncə yox idim,
Sənlə var olmuşam mən,
Solma, gülüm, solma...


Solma, gülüm, solma,
Solma tazə çiçəyim,
Bil, sənə bağlanmışam,
Sən olmusan gərəyim,
Ürəyim
Sənlə yaşayır hər an,
Sən olmasan neylərəm?!
Vallahi mən bilmirəm,
Ağlamaram, gülmərəm,
Günəş təki çıxmaram,
Ay tək gecə gəlmərəm,
Solma, gülüm, solma...


Solma, gülüm, solma,
Solma, verəcəm suyun
Zamanında, ertədən
Duracağam,
Sənə bir həzin nəğmə,
Lap “Segah” olacağam,
Qalacağam
Yanında,
Ətrafında
Narin tumurcuq
Açacağam, hər zaman
Sənə səcdə edərək,
“Namaz qılacağam”
Ətəyində, kökündə
Gübrə olacağam mən,
Bunu heç unutma, sən,
Solma, gülüm, solma...


Solma, gülüm, solma,
Axı sənlə bir mazi
Yaşamışıq qədimdə.
Solma, qırma mənim də
Ürəyimi, qəlbimi,
Ağrıtma nə olar, gülüm.
Sən solarsan, ruhum da
Acıyar inan mənim.
Sən həp dayan, kölgəndə
Qoy yaşayım, ilbəil
Sənə “dua edim” mən
İstəməzsən, gedim mən,
İnan ki varlığımla
Əgər azca üzərsəm
Səni,
Məndən bezərsən,
Alıb bu tənha canı
Gedərəm mən, billahi.
Deyərəm ki, ilahi,
Nə olar rəhm et,
Qoy o gülüm solmasın,
Mümkün isə canımı
Al, ona ver,
Ölməsin,
Məhəbbətim, saf eşqim,
Solma, gülüm, solma...


Sən açdıqca, Segahı
Sanki ifa edirəm
Qutlu tar alətində,
Bilirsən də, qədimdə
Güllə bülbül eşqini
Yazan çox olub
Mən də
Çalışıram cızma-qara
Edim öz aləmimdə,
Əzik, buruq kağızda.
Solma, gülüm, yoxsa
Yox olar şeiriyyatım,
Yox olar hər bir şey,
Bu müqəddəs sənətim.
Axı bülbül olmuşam mən
Sən tək gülə aşiq,
Meylimi salmışam mən
Sənə ey gül, solma gəl.
Yalvarışıma qulaq ver,
Nə olar, dinlə azacıq,
Solma, gülüm, solma...


Elşən deyir, bağbanam
Bu kiçik gül bağında.
Tazə, tər çiçəklər
Açmış
Sağımda solumda.
Tanrı üçün yolum da
Bəllidir ki, əzəldən
Haqqa varmaqdır qayəm,
Bütün vücudum eşqlə
Yanır, o qibləgahım,
Bu günüm və sabahım
Ah, nə qutludur Şahım,
Sərv boylum, al taclım,
Bircə fərman gözlərəm,
Qurban olam yoluna,
Haqqına, dərgahına
Sürüm qoy üzüm, gəlsin,
Mavi gözlü o Dərviş,
Xəbər versin elimdən,
Şanlı vətən torpağı
Üstdə bitən
Elə o tər gülümdən...


Elşən İsmayıl
Yazar



Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed