Şrift:
“Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”
22.09.2012 [12:57] - İdman
FİFA prezidenti Yozef Blatter Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 21-də keçirdiyi görüşdən danışıb.

Bu barədə ali futbol qurumunun rəhbəri Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi Gənc Reportyorlar Proqramında çıxışında açıqlama verib.

O bildirib ki, görüş zamanı prezident İlham Əliyev Azərbaycanın 17 yaşadək qızlar arasında dünya çempionatından əlavə, futbol üzrə daha nüfuzlu yarışlar keçirmək istədiyini deyib. Bu məqsədlə ölkəmizdə yeni-yeni stadionların tikildiyi, dünya standartlarına uyğun futbol infrastrukturunun yaradıldığı qeyd olunub.

Blatterin sözlərinə görə, dövlət başçısı hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini də söyləyib. FİFA prezidenti bu məqama diqqət çəkərək, bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğu halda, 94 il əvvəl belə bir qanun qəbul olunub. Halbuki Avropa ölkələrində bundan xeyli gec qadınlara seçki hüququ verilib: “Məsələn, mənim vətənim İsveçrədə 1971-ci ildən qadınlar seçib-seçilmək hüququna malikdirlər. Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatı yeni ölkədə və həm də müsəlman ölkəsində start götürür. Bu, çox vacib amildir, bütün mədəniyyətlərə mesajdır”.

Qeyd edək ki, 17 yaşadək qızlar arasında dünya çempionatı oktyabrın 13-dək davam edəcək.

Elşən MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed