Şrift:
Evin zindanında saxlanılan azərbaycanlı fəala təzyiq göstərilir
23.08.2022 [07:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəstə olmasına baxmayaraq milli fəala tibbi xidmət göstərilməsinə icazə verilmir.

İşçi hərəkatı fəallarının Evin zindanıdakı mənbələrə istinadən verdiyi məlumata görə, Valeh Zamaninin sağlamlıq durumu olduqca ağırdır və qaraciyər xəstəliyindən əziyyət çəkən məhbus kəskin şəkildə çəki itirib.

Ağır xəstə olmasına baxmayaraq onun rütubətli yerdə saxlanıldığı bildirilir.

Milli fəal iki dəfə müayinə olunub və ona yalnız ağrıkəsici dərmanlar verilib.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq təkadamlıq kamerada saxlanılır, müalicəsinə və dərmanlarının əldə edilməsinə icazə verilmir.

Bununla bağlı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edib.

Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib.

O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.

Fəridə Məhəmmədi bildirib ki, Valeh Zamani bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalıdır.
Bu xəbər oxucular tərəfindən 14834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed