Millət vəkili Fərəc Quliyevin çıxışının tam mətni:
Cənab sədr, hörmətli deputatlar! Mən Tarif Şurasının qiymət artımı ilə baglı qərarını dəyişəcəyinə, hökumətin buna cəhd edəcəyinə inanmıram. Çünki, qiymət artımı ilə bağlı anonslar olanda belə bir əsaslandirma olmuşdu ki, bu sektorda işləyənlərin maaşların artırılması üçün, qiymətlərin artırılması zərurəti yarana bilər. Ona görə, təkliflə çıxış etmək istəyirəm. Bu qiymət artımı əhaliyə olduqca pis təsir edəcək. Təsiri minimuma endirmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Əgər benzinin qiymət artımında əhaliyə təsiri azaltmaq istyiriksə, limit sistemi tətbiq etmək olar. Bütün avtomobil sahiblərinə ayda 150-200 litr ücün talonlar və ya kart vermək mümkündür. Yanacağa verilən bu limit qiymət artımından əvvəlki qiymətlərlə ödənər. Limitdən sonrakı sərfiyyat üçün ödəmə yeni qiymətlıərlə olar. Bu yanaşmada dövlət də heç nə itirməz, əksinə, əhalinin yükünü qismən azaldar, naraziliq xeyli azalar, avtomobil sahibləri qənaət çərçivəsini bilərlər. Əlbəttə, bu fikir əsas kimi götürülüb daha da cilalana bilər. Milli Məclis bir çox məsələlərdə beynəlxalq təcrübəyə istinad edir. Bu cür yanaşmalar da beynəlxalq təcrübədə var.