-ATA bloku ilə əməkdaşlığınız hansı istiqamətləri özündə əks etdirəcək?
-Ümumiyyətlə, biz əməkdaşlıq edəndə yalnız Azərbaycanın milli maraqlarını prioritet götürürük və bu istiqamətdə də hər kəslə əməkdaşlığa hazırıq. Biz blok siyasətində yoxuq və bloklara qarışmırıq. Blok siyasətinə qarışmamaqda da əsas məqsədimiz odur ki, üzərimizə öhdəliklər götürməyək və sabah müttəfiq olacağımız partiyaların da hansısa mənfi davranışları olacaqsa, həmin davranışlar, yalnışların da şəriki olmayaq. Ancaq konkret şərtlər daxilində, seçki mühitinin demokratik olması, məntəqələrin təşkili, seçkilərə nəzarət məsələlərində əməkdaşlıq mümkündür. O mənada ATA blokunun rəhbərliyi tərəfindən edilən müraciətə biz müsbət yanaşdıq. Bununla bağlı bizim bir razılaşmamız var ki, seçki dönəmində əməkdaşlıq edək. Başqa təşkilatlarla da bu məsələdə əməkdaşlıq etməyə hazırıq. Ölkədə demokratik prinsiplərin üstün vəziyyətə gətirilməsi üçün daima çalışırıq ki, hər kəs təmərgüzləşmə aparsın. Ancaq o təşkilatlar və bloklarla bir yerdə olmayacağıq ki, onlar Azərbaycanın milli maraqlarına uyğun davranış nümayiş etdirmirlər, bir əlləri Rusiyada kiminsə cibindədir. Yaxud RATİ kimi təşkilatlarla bağlılıqları var, Abdulətifov kimi adamlarla əməkdaşlıq edirlər ki, o da guya Azərbaycanda ləzgi probleminin olması ilə bağlı bəyanatlar verir. Hüseyn Sadıqov kimi adamlarla əlaqədə olub Azərbaycanın milli maraqlarına zidd olan, Borçalıda yaşayan 500 min insanımızı risq altına qoyan açıqlamalar səsləndirirlər. Ölkəmizdə qarışıqlıq salmaq, bölücülük yaratmağa çalışanlara dəstək verənlərlə təbii ki, bir yerdə ola bilmərik.