Büdcə layihəsinə nəzər saldıqda görürük ki, 2012-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 32.3 faizi Vergilər Nazirliyi, 7.3 faizi Dövlət Gömrük Komitəsi, 60.3 faizi Dövlət Neft Fondu, 0.1 faizi isə başqa mənbələr hesabına təmin ediləcək. Büdcə gəlirlərinin artımının 79.5 faizi Neft Fondundan transfertlərin hesabına baş tutacaq. 2012-ci ilin gəlirlərində proqnozlaşdırılan 810.96 milyon manatlıq artımın 79.5 faizi Neft Fondunun, qalanı isə Vergilər Nazirliyi və DGK-nın payına düşür. Beləliklə, 2012-ci ildə fondun transfertlərinin büdcə gəlirlərindəki payı 60.26 faizə çatacaq ki, bu da indiyənədək qeydə alınacaq ən yüksək göstərici olacaq. Göründüyü kimi, ölkə iqtisadiyyatında mühüm maliyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrində risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyukturasından asılılığının azaldılması və qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində ciddi tədbirlər görülməyib.