Prezidentliyə namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ məsələsinin ölkənin ən ciddi problemi olması səbəbindən bununla bağlı gizlətdikləri nəsə yoxdur: "Partiyamızın məsələyə yanaşması var. Platformamızda da onun bir qədər genişləndirilmiş formasını təqdim edəcəyik. Azərbaycan xalqı yalnız ədalətli status-kvonun bərpası ilə razılaşa bilər. Mən hətta İrəvanda Sarkisyanın öz kabinetində ona bildirmişəm ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir və bundan sonra dövlətimiz erməni əsilli Qarabağ sakinlərinin bütün hüquqlarını müdafiə etməyə hazırdır. Bizim yanaşmamıza görə, işğala birmənalı olaraq son qoyulmalıdır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Problemin danışıqlar yolu ilə nizama salınmasını istəyirik, amma sonuc olaraq ədalətli status-kvo öz həllini tapmasa, birmənalı şəkildə hərbi yolu tələb edirik. BMT-nin də məsələyə iki yanaşması var: hərbi və qeyri-hərbi yol. Öz mandatından istifadə edib, BMT də lazım gəlsə hərb yolunu seçməlidir".