Fərəc Quliyev: “Özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər”
Fərəc Quliyev: “Özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər”
- Fərəc bəy, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- İctimai-siyasi vəziyyəti ölkənin indiki hərbi durumuna sıx bağlıdır. Bizim iradəmizdən asılı olmayaraq, müharibə ilə üz-üzə dayanmışıq. Azərbaycana qarşı bu ədalətsiz müharibə ölkədəki ictimai-siyasi vəziyyətə də xeyli təsir edir. Yəni, demokratik institutların tam oturuşmasını təmin etmək imkanı olmur. İnsanların hüquqlarını tam bərpa etmək imkanı yoxdur. 1 milyona yaxın insanın mülkiyyət hüququ pozulub. Cəmiyyətdə mövcud olan bəzi sosial məsələlər də hərbi xərclərimiz üzündən tam həll edilmir. Halbuki müharibə şəraitində olmasaydıq, maaşların bir neçə dəfə artırılmasına, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaranardı. Lakin buna baxmayaraq, seçki keçirilməsi üçün normal şəraitin yaradılmasında hər hansı problem müşahidə etmirəm. Ölkədə normal seçkinin keçirilməsi üçün müəyyən tədbirlər görülür. Bu, davamlı olacaqdır. Sadəcə mən, mübarizənin sivil formada, namizədlərin bir-birinə hörmətlə yanaşmasının tərəfdarıyam. İndiki ictimai-siyasi durum özündə onu ehtiva edir ki, özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər. Sivil yolla mübarizə aparmaq iqtidarında olmadıqları üçün, bu yolla gündəmdə qalmağa çalışırlar. Bu isə normal yanaşma tərzi, mübarizə metodu deyil.