Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev sözügedən məsələyə münasibət bildirərkən, Azərbaycanda hər kəs kimi özünün də millətin təşkilatlanmasına tərəfdar olduğunu bəyan edib. O, bütün hallarda konsolidasiyanın gözəl bir təşəbbüs olduğunu, rəhbərlik etdiyi partiyanın da belə addımları dəstəklədiyini bildirib. Millət vəkili bütün bu davranışlar zamanı Azərbaycanın milli maraqlarının, dövlət maraqlarının üstün tutulmasını vacib sayıb: “İstənilən toparlanma milli gücə güc qatmalıdır. Əgər o toparlanma milli gücümüzə güc qatmaq əvəzinə, bizim milli gücümüzü sarsıtmağa yönələcəksə, bilərəkdən, yaxud da bilməyərəkdən Azərbaycanda marağı olan və ölkəmizə dost olmayan dövlətlərin xeyrinə davranışlar ortaya qoyacaqdırsa, bu, məqsədəuyğun deyil. “El” adlı hərəkat da Azərbaycan dövlətinin, xalqının xidmətində duracaqsa, ona uğurlar arzulayacağıq. Yox, əgər bu təşkilat kiminsə sifarişi ilə Azərbaycanın milli maraqlarına əks mövqedə dayanacaqsa, mütləq qarşısında milli qüvvələri, o cümlədən bizi görəcək”.