Fərəc Quliyev: “Bu imperiya özündən əvvəlki imperiyaların taleyini yaşamağa məhkumdur”
Fərəc Quliyev: “Bu imperiya özündən əvvəlki imperiyaların taleyini yaşamağa məhkumdur”
- İran parlamentində “Türkmənçay müqaviləsi”nə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibətiniz necədir?

- Əvvəla onu deyim ki, o deputatın dediyi bir fikirlə tamamən razıyam ki, pozulmuş hüquqlar mütləq bərpa olunacaqdır. Azərbaycan üçün ədalətli status-kvo tarixi-coğrafi ərazisində Bütöv Azərbaycandır. Bu müqavilə ilə bağlı məsələyə gəlincə, fars şovinizmi Azərbaycanın iradəsi olmadan Azərbaycan xalqının adından bir daha müqavilə bağlaya bilməyəcəkdir. Çünki ruslarla farslar Azərbaycan xalqının iradəsi olmadan bir müqavilə bağlamışdılar və ölkəmizi bölmüşdülər. Digər bir tərəfdən mənim parlamentdə ilk çıxışım “Türkmənçay müqaviləsi”nin qüvvədən düşməsinin tanınması haqqında oldu. Yəni, İran bu müqaviləyə yenidən baxmaq istəyir. Halbuki bu müqavilə yoxdur, qüvvədən düşübdür. Çünki Azərbaycanı bölərək ərazilərini öz tərkiblərinə qatan Rusiya və İran tərəfindən birisi artıq yoxdur. Rusiya imperiyası əvvəl çar Rusiyasına, sonradan qırmızı imperiyaya çevrildi. Onun işğal altına saxladığı ərazilərdə - Azərbaycan ərazilərində bir dövlət quruldu. Hazırda bu ərazilərin quzeyində Azərbaycan Respublikası mövcuddur və fəaliyyət göstərir. Ona görə də “Türkmənçay müqaviləsi” qüvvədən düşmüş sayılır. İndi İran tərəfi bu məsələdə çox əndişəlidir. Güney Azərbaycanda gedən proseslər, İranın nüvə silahı əldə etməsi ilə bağlı dünyanın ona göstərdiyi təpkilər, İran ətrafında həlqənin tamamən daralması, rəsmi Tehranın müttəfiqsizləşməsi, İranın de-fakto yeni şəkilləndirməsi ortaya çıxandan sonra onlar əl-ayağa düşübdülər...